2016-12-21

Bern şəhərində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Bern şəhərinin tanınmış konsert salonlarından olan Villa Mettlendə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə İsveçrədə yaşayan soydaşlarımız və İsveçrə ictimaiyyətinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov və Daimi Nümayəndəliyinin işçiləri, bir sıra beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimiz  iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı, dövlət müstəqilliyini bərpa etmək üçün Azərbaycanın çətin yollardan keçdiyini, bütün çətinliklərə baxmayaraq bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini diqqətə çatdırmışdır. Səfir, həmin dövrdə baş verən tarixi hadisələrə nəzər yetirərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd etmiş, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra dövlət quruculuğu sahəsində atılmış addımlardan, həyata keçirilmiş islahatlardan geniş söz açan səfir Əkrəm Zeynallı, Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti  nəticəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutduğunu vurğulamışdır.

 Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunmasının tarixçəsi barədə qonaqlara məlumat verən səfir, bu birliyin qurulması istiqamətində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin gördüyü işlər barədə danışmışdır. O, həmçinin 2016-cı il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salmış, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə güclənməsini vurğulamışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, tədbir iştirakçılarını “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi” və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ilə  təbrik etmişdir.

Bayram tədbiri Paris şəhərində yaşayan Azərbaycanlı pianoçu Etibar Əsədlinin ifasında Azərbaycan musiqisinin nümunələrindən ibarət konsert proqramı ilə davam etmişdir. Konsert proqramından sonra qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət verilmişdir.

 

Arxiv üzrə axtarış