Yanvarın 27-də İsveçrənin Sankt Morits şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılışı olmuşdur.
27-29 yanvar 2017-ci il tarixlərində təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunmuşdur.
Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təmsil edən “Land of Fire” loqotipi istifadə edilmişdir. Həmin meydançada təşkil olunan Azərbaycan çadırında, milli təamlar, şirniyyatlar və mürəbbə çeşidləri, o cümlədən bir çox digər məhsullarla yanaşı, Azərbaycan muğam konsertləri və milli rəqsləri tədbir boyunca qonaqlara təqdim edilmişdir.
Yarışların ikinci günündə xüsusi qonaqlar üçün təşkil olunan “Baku Moritz” Qala gecəsində isə Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəximizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdimatı keçirilmişdir.
Qeyd etmək lazımdır ki, 2015-ci ildə Arena Polo üzrə birinci Avropa Çempionatı və 2013, 2014 və 2016-cı illərdə Arena Polo üzrə Dünya Kuboku Bakıda keçirilib. Azərbaycan Milli komandası Avropa Çempionatında qızıl medala layiq görülmüşdü.
2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Polo üzrə Avropa çempionatı Azərbaycanın Qəbələ şəhərində təşkil olunacaqdır.