28 May – Respublika günü və Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən Bern şəhərində rəsmi qəbul təşkil keçirilmişdir.
300-dən artıq qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun fəalları iştirak etmişlər.
Səfir Ə.Zeynallı çıxışında müsəlman şərqində ilk demokratik respublika olan ADR barədə məlumat vermiş, qısa dövr ərzində mövcud olmasına baxmayaraq, bir sıra siyasi və iqtisadi islahatları gerçəkləşdirdiyini, qadınlara seçki hüququnu əksər Avropa ölkələrindən daha tez təmin etdiyini bildirmişdir. O, ADR-in varisi olaraq, 1991-ci ildə müstəqilliyini bərpa edən hazırkı Azərbaycan Respublikasının Ermənistanın təcavüzünə məruz qalmasına, ərazisinin bir hissəsinin işğal edilməsinə və ciddi iqtisadi, sosial və humanitar problemlərlə üz-üzə qalmasına rəğmən, ümummilli lider H.Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində müstəqilliyini qoruduğunu, siyasi və iqtisadi sabitlik yoluna qədəm qoyduğunu, onun davamçısı AR Prezidenti İ.Əliyevin uğurlu siyasəti nəticəsində isə bölgənin aparıcı dövlətinə, eləcə də beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısına çevrildiyini vurğulamışdır.
Azərbaycan-İsveçrə münasibətlərinə toxunan səfir Ə.Zeynallı, bu münasibətləri dostluq və qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq əlaqələri kimi xarakterizə etmiş, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının əsasını yüksək səviyyəli siyasi dialoqun təşkil etdiyinə diqqəti yönəltmişdir. Son illər ərzində dövlət başçılarının 16 ikitərəfli görüş keçirməsini münasibətlərimizin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edən səfir, məhz bu intensiv siyasi dialoqun ikitərəfli əlaqələrimizin dərinləşməsinə və iqtisadi əməkdaşlığımızın güclənməsinə xüsusi töhfə verdiyini söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsveçrənin bu münaqişənin həlli istiqamətindəki səylərini, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməsini alqışlamış, tezliklə beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini söyləmişdir.
İsveçrə tərəfindən çıxış edən İsveçrə Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri senator Filippo Lombardi Azərbaycanı dost ölkə olaraq qəbul etdiklərini, iki ölkə arasında çoxlu oxşarlığın olduğunu, İsveçrənin Azərbaycanın inkişafında maraqlı olduğunu, bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olmasını arzu etdiklərini və şəxsən özünün təmsil olunduğu müxtəlif beynəlxalq təşkilatların parlament ölçüsü çərçivəsində bunun üçün səylərini əsirgəməyəcəyini qeyd etmişdir. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin artıq uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etdiklərini, lakin artıq nəticə verməyin vaxtının yetişdiyini vurğulamışdır. Bu baxımdan o, tək Minsk qrupu həmsədr ölkələrinin deyil, bütün dünya ictimaiyyətinin, o cümlədən İsveçrənin bu münaqişənin həllinə öz töhfəsini verməli olduğunu qeyd etmişdir.
Tədbirdə həmçinin, müasir Azərbaycanın görüntülərindən ibarət video-çarx nümayiş etdirilmiş və milli mətbəximizin təamları qonaqlara təqdim olunmuşdur.