2017-11-16

Səfir X.İbrahimova Federal Xarici İşlər Departamentinin idarə rəisi səfir Nikolya Brül ilə görüşmüşdür

2017-ci il noyabrın 16-da səfir X.İbrahimova Federal Xarici İşlər Departamentinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT idarəsinin rəisi səfir Nikolya Brül ilə görüşmüşdür.

Tərəflər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə və intensiv şəkildə aparıldığını, iki ölkə prezidentləri arasında Ümumdünya İqtisadi Forumunun hər ilin yanvar ayında təşkil olunan illik toplantıları çərçivəsində görüşlərinin ənənə halını aldığını qeyd etmişlər.

İsveçrənin etibarlı və səmimi tərəfdaş kimi qəbul edildiyini bildirən X.İbrahimova, Azərbaycan və Ermənistan Prezidentlərinin oktyabr ayında Cenevrədə keçirilmiş görüşünə ev sahibliyi etdiyi üçün İsveçrə tərəfinə təşəkkür etmişdir.

Görüşdə həmçinin, Bakının Ümumdünya EXPO 2025-in təşkilinə namizədliyi barədə ətraflı məlumat verən X.İbrahimova Azərbaycanın seçdiyi mövzunun İsveçrə üçün də maraqlı olacağını və İsveçrənin dünyaca məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini söyləmişdir. O, mövzunun Davamlı İnkişaf Məqsədlərinə də uyğun gəldiyini və dövrümüz üçün aktual olduğunu vurğulamış və İsveçrənin Bakının namizədliyinə dəstək verəcəyinə ümid edildiyini söyləmişdir.

Arxiv üzrə axtarış