2017-12-18

İsveçrənin “Swisscom” şirkəti “Karabakh Telecom” ilə əməkdaşlığı dayandırıb

Ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu ölkənin aparıcı mobil operatoru “Swisscom” şirkətinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən səfirlik həm “Swisscom” şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş aparıb. “Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyi, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığı qarşı tərəfə izah edilib. Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyi diqqətə çatdırıb.

 

Qeyd edək ki, “Swisscom” şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə rəsmi orqanlarından “Swisscom”un “Karabakh Telecom” ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər. “Swisscom”un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, “Swisscom”un “Karabakh Telecom” ilə əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.

 

Mənbə: https://azertag.az/xeber/1121830

Arxiv üzrə axtarış