Xocalı soyqırımı ilə əlaqədar İsveçrədə aksiya təşkil edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi “Waisenhausplatz“ meydanında baş tutmuş aksiya azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə danışıblar. Bildirilib ki, Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 26 il ötsə də, faciənin əsl səbəbkarları hələ də cəzalandırılmayıb və Ermənistanda yüksək vəzifələr tuturlar. Azərbaycanlı dinc əhaliyə qarşı törədilən soyqırımı aktına İsveçrə və dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyini vurğulanıb.
Daha sonra aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi sözlər yazılan transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələr nümayiş etdirilib.
Aksiya çərçivəsində həmçinin “Waisenhausplatz“ meydanında Xocalı soyqırımı qurbanlarına həsr olunan fotosərgi də təşkil edilib. Sərgidə qanlı gecəyə aid şəkillər, uşaqlar tərəfindən “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib. Sərgi yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb. Aksiya təşkilatçıları sərgini izləyən şəxslərə soyqırımı barədə əlavə məlumatlar verib və onların suallarını cavablandırıb.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu yüzlərlə məlumat kitabçaları hazırlanaraq müxtəlif yerlərdə əhali arasında paylanıb.
Aksiyada o cümlədən soyqırımı qurbanlarının xatirəsinə hazırlanmış üzərilərində “Justice for Khojaly” internet saytının loqosu əks olunan 613 ədəd qara şar şəhər sakinlərinə paylanıb və tədbirin sonunda meydandan havaya buraxılıb.
Mənbə: Azərtac