2018-03-13

İsveçrə Parlamenti Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Bakıya səfər etmişdir

2018-ci il martın 13-də İsveçrə Parlamenti Kantonlar Şurasının (yuxarı palata) Xarici Əlaqələr Komitəsini sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi Bakıya səfər etmişdir.

Səfər çərçivəsində o, ilk olaraq Azərbaycan Respublikası Milli Məclisi və ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun birgə təşkil etdiyi “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmiş və nitq söyləmişdir. Öz nitqində F.Lombardi “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması və onun ilk konfransının Bakıda keçirilməsinə görə Azərbaycan tərəfini təbrik etmiş, eləcə də İsveçrənin İpək Yolunda iştirak etməyə marağını ifadə etmişdir.

Daha sonra F.Lombardi Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən Milli Məclisin sədri dövlətlərimiz və parlamentlərimiz arasındakı sıx münasibətlərin gündən-günə inkişaf etdiyini, əməkdaşlığın daha da dərinləşməsi üçün qarşılıqlı siyasi iradənin mövcud olduğunu, bu iradənin özünü dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində göstərdiyini söyləmişdir.

Milli Məclisin spikeri ikitərəfli əlaqələrin inkişafında parlamentlərin roluna diqqət çəkərək, bu sahədə hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. Bildirilib ki, qrup üzvlərinin qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri parlamentlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir. Bundan başqa, Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğu da vurğulanmışdır.

Filippo Lombardi ölkəmizə səfər çərçivəsində Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluq duyduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində atdığı addımlar onlar tərəfindən yüksək dəyərləndirilir.

Qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirib ki, İsveçrə parlamenti gələcəkdə də Azərbaycan Milli Məclisi ilə münasibətlərin daha da dərinləşməsi üçün gərəkli addımlar atmaq niyyətindədir.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli barədə fikir mübadiləsi aparılıb.

Bakıya səfərinin sonunda F.Lombardi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

Görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığı diqqətə çatdırılıb.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, həmsöhbətini siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumatlandırıb. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə edib.

F.Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Arxiv üzrə axtarış