2018-03-20

İsveçrənin Leysin şəhərində azərbaycanlı məktəblilər üçün Novruz şənliyi keçirilmişdir

İsveçrə Konfederasiyasının Leysin şəhərində fəaliyyət göstərən İsveçrə Amerikan Akademiyası beynəlxalq məktəbində ilk dəfə Azərbaycandan iştirak edən məktəblilər üçün Novruz bayramı tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə səfirliyin əməkdaşları Novruz bayramı haqqında məlumat vermişlər. Bildirilmişdir ki, qədim tarixə malik Novruz bayramı həmişə xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri ilə və mərasimlərlə qeyd edilib. Novruz bayramının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin tərkibinə daxil edilməsi xüsusi vurğulanmışdır.

Qonaqlara səfirlik tərəfindən Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli-mənəvi dəyərlərə dərin bağlılığının rəmzi olan Novruz bayramı münasibətilə hazırlanmış milli şirniyyatlar təqdim edilmişdir.

Tədbirin sonunda İsveçrə Amerikan Akademiyasının rəhbərliyi tərəfindən səfirliyə göstərilən dəstək üçün minnətdarlıq bildirilmiş və gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Arxiv üzrə axtarış