2018-03-20

Nazir müavini Mahmud Məmməd-Quliyev Kristina Marti-Lanq ilə görüşmüşdür

Cari ilin 20 mart tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrə ilə Azərbaycan arasında yüksək səviyyəli məsləhətləşmələr aparılması üçün İsveçrə Konfederasiyasına rəsmi səfər etmişdir.

Paytaxt Berndə keçirilən məsləhətləşmələr çərçivəsində Səfir Xanım İbrahimovanın da təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İsveçrə Federal Xarici İşlər Departamentində dövlət katibinin müavini Kristina Marti Lanqın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən qəbul edilmişdir. Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini təhlil etmiş və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Hər iki tərəf Azərbaycan ilə İsveçrə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan, Bretton Vudz institutlarında (Dünya Bankı və Beynəlxalq Valyuta Fondu) əməkdaşlıqdan məmnuniyyətlərini ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da inkişafında maraqlı olduqlarını vurğulamışlar. İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyi və qarşılıqlı sərmayələr, o cümlədən Holcim və Stadler kimi İsveçrə şirkətlərinin Azərbaycanda, ARDNŞ-nin isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilmiş, bununla belə, ticarət əlaqələrinin gücləndirilməsi üçün kifayət qədər potensialın mövcud olduğu qeyd edilmişdir.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə İsveçrənin dəstəyi, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrində İsveçrə şirkətlərinin iştirakı, Azərbaycan və İsveçrə arasında Hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, ölkəmizdə insan hüquqlarının təminatı məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlıq, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və qonşuları ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılmışdır

 

Arxiv üzrə axtarış