2018-03-20

Nazir müavini Mahmud Məmməd-Quliyev İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində (SECO) görüş keçirmişdir

Cari ilin 20 mart tarixində İsveçrəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi, cari ilin iyun ayından etibarən Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri kimi fəaliyyətə başlayacaq Ervin Bollinqer ilə görüşmüşdür.

 

Görüş zamanı E.Bollinqer ölkələrimiz arasında iqtisadi əlaqələri çox yaxşı kimi xarakterizə etsə də, bu əlaqələrin daha da inkişaf etriilməsi üçün imkanların olduğunu qeyd etmiş və buna görə iş adamları arasında təmasların təmin edilməsinin vacib olduğunu bildirmişdir. Nazir müavini öz növbəsində İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investiya qoymasını yüksək qiymətləndirmişdir. İkitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın oynadığı mühüm rola diqqət çəkilmiş, bu komissiyanın növbəti iclasının yeni tarixləri və fəaliyyətinin optimallaşdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri, peşə təhsili sahəsində İsveçrənin təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsi imkanları müzakirə edilmişdir. Bundan əlavə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması istiqamətində aparılan danışıqlar barədə də fikir mübadiləsi aparılmışdır.

 

Arxiv üzrə axtarış