İsveçrədə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq pianoçular müsabiqəsi keçiriləcəkdir
17 may tarixində Cenevrədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq pianoçular müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə Azərbaycan Respublikasının əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunur. Müsabiqənin fəxri prezidenti bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirardır. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən etibarən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak etmişdir. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi arasında yer alır.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi həmin müsabiqənin iştirakçıları üçün Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xüsusi mükafat təsis etmişdir
Zəngin siyasi fəaliyyəti boyu digər sahələrlə yanaşı, ölkəmizin mədəniyyətinə də böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev həm də musiqi mədəniyyətimizin inkişafı istiqamətində misilsiz işlər görmüşdür. Ulu Öndərin işıqlı ideyalarına sadiqliyin nəticəsidir ki, bu gün Azərbaycan musiqisi sərhədləri aşaraq, dünyanın nüfuzlu konsert salonlarında milyonların qəlbini fəth edir.
Ulu Öndərin doğum günü ərəfəsində Cenevrədə təqdim olunacaq beynəlxalq pianoçular müsabiqəsi də onun əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsidir.