Azərbaycan nümayəndə heyəti İsveçrənin Dinlər-Mədəniyyətlərarası Dialoq Evini ziyarət etmişdir
26 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və ölkəmizin İsveçrə Konfederasiyasındakı Səfirliyindən ibarət nümayəndə heyəti Bern şəhərində yerləşən Dinlər və Mədəniyyətlərarası Dialoq Evini ziyarət etmişlər.
Ziyarət çərçivəsində ilk əvvəl Dinlər Evinin Direktoru David Leutwyler Azərbaycan nümayəndə heyəti üçün qısa tur keçirmişdir. O, bildirmişdir ki, Dinlər və Mədəniyyətlərarası Dialoq Evi müsəlman, xristian, buddist, hindu və ələvilərin ibadətgahlarının bir yerdə yerləşdiyi unikal bir məkandır. Bundan başqa, Dinlər Evinin təşkil etdiyi mədəni proqramlarda yəhudi, bahai və sikxlərin də iştirak etdiyi qeyd edilmişdir. Onun sözlərinə görə, məqsəd İsveçrə cəmiyyətinin tərkib hissəsi olan bu din tərəfdarlarının birgə yaşaya və dialoq apara biləcəyini nümayiş etdirməkdir. Buna görə də, Dinlər Evinin təşkil etdiyi bütün mədəni və təhsil proqramları məhz dinlər haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, dinlərarası dialoq və birgə yaşayış məsələlərinə həsr edilir.
Daha sonra Azərbaycan nümayəndə heyəti həmsöhbətlərini Azərbaycanda multikulturalizm ənənələri və ölkəmizdə multikulturalizmin siyasi-hüquqi əsasları barədə məlumatlandırmış, multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirərək, dövlətimizin hazırda bu ənənələri dəstəklədiyi və inkişaf etdirdiyini vurğulamışdır. Bernin Dinlər Evinin təmsilçisinə Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən irəli sürülmüş Bakı Prosesi və ölkəmizdə iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verilmiş, qarşı tərəf sözügedən tədbirə qatılmağa dəvət edilmişdir.
Sonda tərəflər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsveçrə Dinlər və Mədəniyyətlərarası Dialoq Evi arasında əməkdaşlıq imkanları mövzusunda fikir mübadiləsi aparmış, bir sıra layihələrin birgə həyata keçirilə biləcəyi məsələsində razılığa gəlmişlər.