İsveçrə şirkətləri Azərbaycanda həyata keçirilən investisiya layihələrində birgə fəal iştiraka dəvət ediliblər VİDEO
2019-cu ilin əvvəlində İsveçrədə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçiriləcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" abidəsi önünə əklil qoyub.
Sonra Bakı Biznes Mərkəzində iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda və digər mühüm tədbirlərdə iştirak edir.
Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və digər tədbirlər keçirilir, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. 2019-cu ilin əvvəlində İsveçrədə Komissiyanın 8-ci iclasının keçiriləcəyi gözlənilir.
Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki, SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana 730 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir.
Qeyd edilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir. Bu il də artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80 faizdən çox artıb.
Bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən İsveçrəyə təşkil olunmuş ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın fındıq məhsullarının İsveçrəyə ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu sahədə Azərbaycanın potensialı böyükdür və ölkəmiz əsas fındıq ixracatçılarındandır.
Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev deyib ki, İsveçrə şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.
Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, əczaçılıq və tibb xidməti, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, iş adamları arasında əməkdaşlığın təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Həmin gün rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən maliyyə və sığorta, bankçılıq, əczaçılıq, tikinti, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Biznes forumda Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, bu ilin birinci yarısında ölkəmizdə ÜDM 1,3 faiz, qeyri-neft ÜDM-i 2 faiz artıb. Azərbaycanın iqtisadiyyatda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik reytinqi"ndə 137 ölkə arasında 35-ci, Dünya Bankının "Doing Business" hesabatında 190 ölkə arasında 57-ci, Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf Reytinqində inkişafda olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
İqtisadiyyat naziri son illər ərzində Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb.
Azərbaycan və İsveçrə iş adamları arasında əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan bugünkü biznes forumun əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında və məhəllələrində, aqroparklarda birgə fəal iştiraka dəvət edib.
İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu və ölkəmizin iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Yohan N.Şnayder-Ammann İsveçrə və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İsveçrə-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycanın və İsveçrənin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Daha sonra İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkına (SKSP) səfər edib, burada görülən işlərlə və investorlar üçün yaradılmış əlverişli şəraitlə, SKSP-da inşa olunan İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodu ilə tanış olub.