Yohan N.Şnayder-Ammann: “Azərbaycanda özümüzü evinmizdəki kimi hiss edirik”
Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən İsveçrə investisiyalı inşaat kimyəviləri zavodu ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Sumqayıt Kimya Sənaye Parkında keçirilmiş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə ardıcıl islahatlar, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri həyata keçirilir. İndiyədək Azərbaycan iqtisadiyyatına 250 milyard ABŞ dolları yatırıldığını diqqətə çatdıran iqtisadiyyat naziri bunun yarısını xarici investisiyaların təşkil etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq hesabatlarda da əksini tapır. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 57-ci yerə yüksəlib. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən inşaat kimyəviləri zavodunun inşası də ölkəmizin əlverişli biznes və investisiya mühitinin bir nümunəsidir.
Nazır qeyd edib ki, 5 il öncə burada köhnə zavodlar var idi. 500 hektara yaxın ərazi təhlükəli tullantılardan təmizlənməklə dövlət vəsaiti hesabına infrastruktur yaradıldı və Sumqayıt Kimya Sənaye Parkına rezidentlər cəlb edilməsinə başlandı. Hazırda Sənaye Parkının 17 rezidentı var, 7 müəssisə artıq fəaliyyət göstərir, daha 7 müəssisə isə bu ilin sonunadək fəaliyyətə başlayacaq.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.
İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda siyasi, iqtisadi-maliyyə sabitliyinin nəticəsi olaraq xarici investorların ölkəmizə marağı artır. Bütün bunlar isə Azərbaycanda müasir müəssisələrin yaradılmasına geniş imkanlar açır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İsveçrə kapitalı ilə tikilən inşaat kimyəviləri zavodu da Azərbaycandakı əlverişli biznes və investisiya mühitinin bir nümunəsidir.
Zavoda 3,5 milyon dollar sərmayə qoyulub. Bunun əsasında 60 iş yeri yaradılıb. Müəssisədə istehsal olunan məhsullar daxili bazarı təmin etməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann diqqətə çatdırıb ki, SIKA şirkəti 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərir. İstehsal sahəsinin yaradılması isə xüsusilə önəmlidir: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Burada çox maraqlı gün yaşadıq. Fəxrlə qeyd edirəm ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edirik”. Federal müşavir investorlar üçün yaradılan əlverişli şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Müəssisənin fəaliyyəti ilə Azərbaycanın analoji məhsullara olan tələbatı ödəniləcək və idxaldan asılılıq azalacaq.
Sonra SIKA şirkətinin fəaliyyəti barədə videoçarx nümayış olunub və təqdimat keçirilib.
İsveçrə nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” müəssisəsində də olub.