2018-08-03

Şəhriyar Məmmədyarova beynəlxalq turnirin mükafatı təqdim olunub

İsveçrənin Bil şəhərində iyulun 21-dən start götürmüş beynəlxalq şahmat turnirinə yekun vurulub.

Bil Konqres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub. Fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov qalxıb.

Azərbaycanın İsveçrədə və Lixtenşteyndəki səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək ölkəmizdə zəngin şahmat ənənəsindən və şahmatçılarımızın uğurlarından danışıb. O, ölkəmizdə şahmatın qədim tarixə malik olduğunu, müstəqillikdən sonra Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və yaranmış sosial-iqtisadi problemlərə baxmayaraq, idmanın digər növləri kimi, şahmatın da inkişafına yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

X.İbrahimova hazırda Azərbaycanda şahmata xüsusi dövlət qayğısının göstərildiyini və ölkəmizin Beynəlxalq Şahmat Federasiyasına üzv olan 180-dək ölkə arasında idmanın bu növünün inkişafına dair xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə ölkə olduğunu diqqətə çatdırıb.

Səfir Şəhriyar Məmmədyarovun Azərbaycan şahmat məktəbinin yetişdirdiyi dünya səviyyəli zəka ustalarından olduğunu bildirib və onu parlaq qələbə münasibətilə təbrik edib.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Turnirin qalibi Şəhriyar Məmmədyarova mükafatı səfir Xanım İbrahimova təqdim edib.   

Qeyd edək ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış turnirinin qalibi olub. O, yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

 

Arxiv üzrə axtarış