Keçən ilin sonuna İsveçrədə SOCAR-ın 167 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib
Ötən ilin sonuna İsveçrədə SOCAR-ın 167 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Hesabata görə, SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Energy Switzerland” şirkətləri vasitəsilə həyata keçirir. “SOCAR Trading” 2008-ci ildə Cenevrə şəhərində təsis edilib. Şirkət Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Ceyhan limanına çatdırıldıqdan sonra dünya bazarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq, eyni zamanda, beynəlxalq bazarlarda üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarəti ilə məşğul olaraq SOCAR-ın mənfəətini və Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılıb. Əsas ofisləri Cenevrə (baş qərargah), Sinqapur, Dubay, London, Hyuston və Kalqari şəhərlərində yerləşir. “SOCAR Trading” “Azeri Light” neftini emal etməyə qadir olan dünyadakı bütün emal zavodları ilə əlaqələr yaradıb və Azərbaycan neftini ona rəqib aşağı kükürdlü xam neft ilə zəngin Aralıq dənizi ərazisindən uzaqlaşdıraraq Asiyaya yönləndirib və Azərbaycan xam neftinin qiymətinin artırılmasına nail olub. Şirkət Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanında neft terminalının və Maltada LNG terminalı layihələrində iştirak edərək öz beynəlxalq nüfuzunu artırıb.
“SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.
Ötən ilin sonuna olan məlumata görə, İsveçrədə “SOCAR” brendi ilə 167 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. Bu YDM-lərdə, həmçinin İsveçrədə tanınmış “Migros” şirkəti ilə françayzinq müqaviləsi əsasında pərakəndə satış mağazaları fəaliyyət göstərir.