İsveçrə Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi İsveçrədə 313 filialı fəaliyyət göstərən və illik dövriyyəsi 800 milyon İsveçrə frankı olan “Migrolino” mağazalar şəbəkəsinin rəhbərliyi ilə görüş təşkil edib. “Migrolino” İsveçrənin ən iri marketlər şəbəkəsi olan və illik dövriyyəsi 40 milyard İsveçrə frankı təşkil edən “Migros” konserninin törəmə şirkətidir.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarının İsveçrəyə ixrac potensialı mövzusunda müzakirələrin aparılması olub.
Müqabil tərəfə son dövrlərdə ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verilib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğu nəzərə çatdırılıb. Həmçinin bildirilib ki, Azərbaycanın aqrar sahədə ixrac potensialı yüksəkdir və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları bir çox ölkələrdə brend kimi tanınır və ixrac olunan məhsullara bu bazarlarda tələbat var.
“Migrolino” mağazalar şəbəkəsinin rəhbərliyi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həmin mağazalar şəbəkəsində satışının həyata keçirilə, istehlakçılardan gələcək tələbatdan asılı olaraq satışın həcminin və çeşidinin artırıla biləcəyini bildirib.
Xatırladaq ki, Azərbaycan 2017-ci ildə İsveçrəyə 143 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulları ixrac edib. İsveçrə qeyri-neft məhsullarının ixracı üzrə Türkiyə və Rusiyadan sonra üçüncü yeri tutub