2018-05-18

İsveçrənin səyahət bloqunda Azərbaycan haqqında məqalə yerləşdirilib

İsveçrənin www.travel-blog.ch portalında “Azərbaycan beynəlxalq tədbirlər üçün mərkəzə çevrilib” adlı məqalə yerləşdirilib.

İsveçrədəki səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrə səyahət haqqında təəssüratların yer aldığı portalda yerləşdirilmiş məqalədə Azərbaycanın beynəlxalq tədbir və konfranslar üçün uğurlu bir məkan olması diqqətə çatdırılır. Məqalədə Şərq və Qərbin kəsişməsində unikal mövqedə yerləşən Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yanaşı, eyni zamanda, müasir infrastruktur və səmimi qonaqpərvərliyi ilə səyahət üçün cəlbedici olduğu vurğulanır. Beynəlxalq hava limanları, dünya standartlarına cavab verən konfrans məkanları və səviyyəli otelləri müxtəlif həcmli tədbirlər üçün geniş imkanlar açır.

Məqalədə, həmçinin qeyd edilir ki, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasına üzv olan az sayda ölkələrdəndir. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə hər iki təşkilatda təmsil olunan ölkələrin xarici işlər nazirlərinin Bakıda tarixi əhəmiyyətli toplantısının təşkil olunması, burada “Bakı prosesi”nə start verilməsi və Azərbaycanın hər iki təşkilatda nüfuzu ölkənin bu sahədə fəaliyyətinə beynəlxalq səviyyədə böyük rəğbət qazandırıb.

Qeyd edilir ki, Azərbaycan bu təşkilat rəsmilərinin görüşünü yalnız həmin təşkilatlar üzv olduğuna görə təşkil etməyib, bu, daha çox fərqli ölkələr, dinlər və sivilizasiyalar arasında münasibətlərin yüksək səviyyədə qurulması üçün Azərbaycanın tarixi, adət-ənənələri və multikultural inkişafının nümunəvi mövqeyi ilə izah olunmalıdır. Məhz buna görə də 2016-cı il Azərbaycanda “Multikulturalizm İli“ elan olunub.

Müəllif Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini diqqətə çatdırır. Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və digər qlobal tədbirlərin artıq Bakını qlobal məkanda konfrans şəhəri kimi tanıdıb.

Məqalənin sonunda Azərbaycanın beynəlxalq siyasi tədbirlərlə yanaşı “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi diqqətə çatdırılır və ölkənin müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunda çıxış etdiyi vurğulanır.

Yekunda xaricdən gələn qonaqların Azərbaycana səfərlərindən məmnun qalacaqlarına əminlik və ölkənin qlobal tədbirlərə ev sahibliyi etməsindən məmnunluq ifadə olunur.

Arxiv üzrə axtarış