Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
İsveçrə-MDB Birgə Ticarət Palatasının və Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə Sürix şəhərində "Yeni İpək Yolu" mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, İsveçrənin yükdaşımalarla məşğul olan logistika şirkətlərinin 100-ə yaxın nümayəndəsi iştirak edib.
“Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC-nin direktoru Natiq Cəfərov çıxışında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata keçirdiyi regional layihələri və İsveçrə şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib, eləcə də əlverişli geostrateji mövqeyə malik olan ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın tranzit potensialının reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından da səmərəlidir. Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Dəhliz boyu sabitlik, təhlükəsiz daşınma, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, müasir standartlara cavab verən infrastruktur Şərq-Qərb nəqliyyat dəhlizinin önəmini daha da artırır. Bu dəhliz Çinin "Bir kəmər - Bir yol" təşəbbüsünün mühüm komponentinə çevrilib. Natiq Cəfərov dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu "bir pəncərə" sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə də məlumat verib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Forum çərçivəsində İsveçrə logistik şirkətləri ilə ikitərəfli görüşlər keçirilib, müzakirələr aparılıb.