İsveçrədə azərbaycanlıların Koordinasiya şurası və Azərbaycan məktəbi təsis edilib
Bern şəhərində İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin ilk toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova da iştirak ediblər.
Tədbirdə diaspora fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspora fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.
Səfir Xanım İbrahimova çıxışında İsveçrədə Azərbaycan diasporunun fəaliyyətindəki cari durumu qiymətləndirib, qarşıda duran məqsədlərə nail olmaq üçün diaspora təmsilçilərinin mütəşəkkil fəaliyyət göstərməsinin zəruriliyinə diqqət çəkib, eləcə də diasporanın gələcək fəaliyyəti ilə bağlı öz tövsiyələrini səsləndirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor ilə əməkdaşlığın yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışdı.
Toplantıda İsveçrədə yaşayan soydaşlarımızın daha sıx birləşməsi və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi məqsədlə İsveçrə azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb. “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Tədbirin sonunda “Qarabağ” Azərbaycan məktəbinin rəsmi açılış mərasimi keçirilmişdir. Bu məktəb Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə ərsəyə gələn, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsidir.
Məktəb İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuşdur və bu xüsusiyyətinə görə o, dünyada fəaliyyət göstərən nadir Azərbaycan məktəblərindən biridir.
Məktəbdə Azərbaycan dili, tarixi, milli rəqs və piano dərsləri peşəkar müəllimlər tərəfindən tədris olunacaqdır. Tədris ocağı İsveçrəlilər və digər əcnəbilər üçün açıqdır və Səfirlik hal-hazırda onun təbliğatı üzərində iş aparır.