Azərbaycan ilə İsveçrə arasında turizm sahəsində əlaqələr genişlənir
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və İsveçrə Turizm Təşkilatının inkişaf edən bazarlar və xüsusi layihələr üzrə direktoru Federiko Sommaruqa arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, hər iki tərəf turizm sahəsində qanunvericilik, turizm statistikasının yaxşılaşdırılması, turizm xidmətləri və infrastrukturunun keyfiyyətinin təkmilləşdirilməsi təcrübəsinin öyrənilməsi kimi məsələlər üzrə əməkdaşlıq edəcəklər. Həmçinin tərəflər turizm müəssisələrinin fəaliyyətinin tənzimlənməsi təcrübəsi ilə bağlı məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı olaraq sərgilər, təqdimatlar və bu kimi tədbirlər haqqında bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər.
Memorandumda qeyd olunan məsələlərdən biri də qış turizmi, eləcə də turizm təhsili sahələrində əməkdaşlıq əlaqələrini təkmilləşdirmək, peşəkar kadrların təlimi ilə məşğul olan təhsil müəssisələri arasında qarşılıqlı münasibətləri inkişaf etdirməkdir.