İsveçrədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Dekabrın 12-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın İsveçrədəki diaspor təşkilatlarının nümayəndələri, səfirliyin əməkdaşları və əcnəbi qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin səfirliyin binasındakı abidəsi önünə gül dəstələri qoyublar
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə danışmışdır. Qeyd edilmişdir ki, məhz Heydər Əliyev kimi müdrik bir siyasi xadimin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə və inkişaf yoluna qədəm qoymuşdur. Bildirilmişdir ki, 90-cı illərin əvvəllərində gənc Azərbaycan Respublikası taleyinin ən çətin günlərini yaşayırdı. Belə bir çətin durumda Azərbaycan xalqı müdriklik nümayiş etdirərək, Heydər Əliyevi ölkəyə ikinci dəfə rəhbərlik etməyə dəvət etmiş və Ulu Öndər Azərbaycanın daxili və xarici siyasətini nizama salmaqla, Azərbaycanı məhv olmaqdan qurtarmışdır.
Səfir məlumat vermişdir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycanın müasir inkişafının bünövrəsi sayılacaq 1994-cü il “Əsrin müqaviləsi”nin onun əməyi sayəsində ərsəyə gəldiyi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi strateji transmilli layihələrin təməlinin onun tərəfindən qoyulduğu xatırladılmışdır.
Səfir vurğulamışdır ki, Heydər Əliyev əbədiyyətə qovuşsa da, onun başladığı işi Prezident İlham Əliyev uğurla davam etdirir və Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində İlham Əliyev iqtisadi cəhətdən sağlam və hərbi cəhətdən qüdrətli Azərbaycan qurmuşdur.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.