2019-02-25

Xocalı faciəsinin qurbanları İsveçrədə anım mərasimində yad edilmişdir

İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən Bern şəhərinin meriyası, Bern kantonu və bələdiyyəsinin birgə təsisçisi olduğu “Polit-Forum-Bern” assosiasiyasına məxsus tarixi binada Xocalı soyqırımının anım mərasimi təşkil edilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova açılış sözü ilə çıxış etmişdir. O, çıxışında Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat vermiş, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləmişdir. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova, bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası barədə danışmış və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalamışdır. Çıxışının sonunda səfir X.İbrahimova Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində Azərbaycanlıları bir olmağa çağırmışdır.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov Xocalıda törədilən vəhşiliklərin heç bir millətə ucalıq gətirmədiyini söyləmiş, ədalətin bərqərar olması baxımından Xocalı qətliamına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsinin vacibliyinə diqqət çəkmişdir.

Çıxışlardan sonra tədbirə “Niyə Xocalı” filminin nümayişi ilə yekun vurulmuşdur.

Anım mərasimində Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, əcnəbi qonaqlar da iştirak etmişdir.

Eyni zamanda Berndə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbində fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş dərs keçilmişdir. Dərs çərçivəsində şagirdlər Xocalıya dair fikirlərini rəsm vasitəsilə ifadə etmiş və bu mövzuda fikir mübadiləsi aparılmışdır.

 

 

 

 

Arxiv üzrə axtarış