Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd edilmişdir
Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi tərəfindən İsveçrənin paytaxtı Bern şəhərinin “Schweizerhof” mehmanxanasında Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb.
X.İbrahimova bu ilki Respublika Günü bayramının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi ilə üst-üstə düşdüyünü qeyd edərək, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatının bu bayramın əsasını təşkil etdiyini söyləmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 1918-ci ildə xalqımızın parlaq simalarının müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika qurduqlarını bildirib. İki il ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi, siyasi və demokratik islahatlar sahəsində bir sıra uğurlar əldə etdiyi, həmin dövr üçün kifayət qədər əlamətdar olan, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara seçki hüququnu verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilib.
70 il sonra - 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi, lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar olub. Çıxışda bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrəni qurduğu diqqətə çatdırılıb. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, güclü və təhlükəsiz bir dövlət olduğu, bu günə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya qoyulduğu, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşdığı və bunun ölkədə həyata keçirilən iqtisadi islahatların uğuruna dəlalət etdiyi bildirilmişdir.
Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edən səfir X.İbrahimova, qonaqları mayın 29-da baş tutacaq UEFA Avropa Liqasının finalını izləməyə və Bakı haqqında öyrənməyə dəvət etmişdir.
Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir bu əlaqələrin ötən il ərzində daha da inkişaf etdiyini və bir sıra mühüm səfərlərlə yadda qaldığını söyləmişdir. Bu kontekstdə xüsusilə iki ölkənin Prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin bu ilki Davos səfərinin daha bir əlamətdar hadisə, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməlinin qoyulması ilə yadda qaldığı da vurğulanmışdır. Bundan əlavə, ötən il ərzində İsveçrənin iqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyətinin Azərbaycana səfər etdiyi və səfər çərçivəsində Sumqayıt şəhərində İsveçrə sərmayəsi hesabına tikilmiş zavodun açılışının baş tutduğu qeyd edilmişdir. Eyni zamanda keçən il İsveçrə təhsil nazirinin ilk dəfə Bakıya səfərinin təşkil edildiyi və bu səfər çərçivəsində iki ölkənin təhsil nazirlikləri arasında birgə bəyanatın imzalandığı, Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması və iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra qarşılıqlı olaraq turist səfərlərində artım müşahidə olunduğu, iki olkənin Xarici İşlər nazirlikləri arasında yüksək səviyyəli siyasi məsləhətləşmələrin keçirilməsi, Azərbaycandan İsveçrəyə ixrac missiyasının təşkil olunması,İsveçrə şirkətlərinin ölkəmizə investisiya qoymasının təşviq edilməsi məqsədilə il ərzində İsveçrədə artıq üç biznes forum və bir neçə dəyirmi masanın keçirilməsi, İsveçrə Kantonları ilə kanton prezidentləri səviyyəsində sıx əlaqələrin qurulması barədə məlumat verilmişdir.
İsveçrə xarici işlər nazirliyinin ATƏT, Avropa Şurası, Avropa və Mərkəzi Asiya üzrə rəhbəri, səfir Nikola Brül İsveçrənin Azərbaycanla çoxtərəfli əməkdaşlıqdan məmnun olduğunu, ölkəmizi İsveçrənin regiondakı tərəfdaşı kimi dəyərləndirdiyini bildirib. Vurğulanıb ki, İsveçrə iki ölkənin dövlət başçıları arasında Davos Dünya İqtisadi Forumuçərçivəsində 2007-ci ildən bəri davam edən görüşləri alqışlayır. İsveçrə rəsmi nümayəndəsi iki dövlət arasında sıx iqtisadi əlaqələrin ortaq maraqlara söykəndiyini deyərək,İsveçrənin Azərbaycanın xarici investisiyaları baxımından üçüncü mühüm dövlət olduğunu, eyni zamanda İsveçrənin Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluqda yer aldığını bildirib.
Çıxışlardan sonra Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri və İtaliyada fəaliyyət göstərən “Orizondanza” rəqs qrupunun ifasında tamaşaçılara Azərbaycanın milli rəqsləri nümayiş etdirilmişdir.
Rəsmi qəbul zamanı, həmçinin Bakı şəhərinin UEFA Avropa Liqasının finalına ev sahibliyini, eləcə də ölkəmizin turizm potensialını təbliğ edən videoçarxlar nümayiş etdirilib.
Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarındanibarət ziyafət verilib.
Qəbulda İsveçrənin Federal Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin rəhbərliyi, Parlament üzvləri, merlər, İsveçrədə akkreditə olunmuş səfirlər, o cümlədən Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Fransa, Belçika, Niderland, ABŞ, Lixtenşteyn, İrlandiya, Polşa, İsrail, Çili, Vatikan və digər ölkələrin səfirləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrənin digər hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.