İsveçrə Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır
İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış 844 milyon dollar sərmayənin 780 milyon dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib.
İsveçrəyə səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Qi Parmelinlə görüşüb.
Ş.Mustafayev Azərbaycanın İsveçrə ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğu diqqətə çatdırıb. Nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrində müsbət dinamika müşahidə edilir. Azərbaycan İşveçrənin Cənubi Qafqaz ölkələri ilə xarici ticarətində əsas yeri tutur. 2018-ci ildə ticarət dövriyyəsi 2,7 dəfə, bu ilin 5 ayında 8,8 dəfə artıb. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var. Enerji, təhsil, investisiyalar və sair sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış 844 milyon dollar sərmayənin 780 milyon dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib.
İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə əlaqələrin yüksək qiymətləndiririldiyini vurğulayan Ş.Mustafayev bu qurumlarla əməkdaşlıq çərçivəsində 60-dan çox layihə həyata keçirildiyini qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışan nazir Azərbaycanda səhiyyə, əczaçılıq, qida və kimya sənayesi sahəsində birgə müəssisələrin yaradılması, kiçik və orta biznesin inkişafı sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Bundan başqa, İsveçrə şirkətləri Azərbaycandakı aqroparklara cəlb edilə, mütərəqqi texnologiyalar, aqrar tədqiqatlar sahəsində təcrübə mübadiləsi aparıla bilər, sənaye parklarında, turizm sahəsində və sair əməkdaşlıq genişləndirilə bilər.
Nazir Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə də məlumat verib. Qeyd edib ki, ölkəmizin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir standartlara cavab verən avtomobil yolları bu sahədə əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Q.Parmelin öz iqtisadi-ticarət münasibətlərinin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Görüşdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova da iştirak edib.