2019-06-28

Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələri müzakirə olunub

Azərbaycan nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerlə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanla İsveçrə arasında əlaqələrin səmimi dostluq, qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Azərbaycan Respublikası Prezidentinin ənənəvi olaraq hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirakının, ikitərəfli görüşlər zamanı aparılan müzakirələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası mövcuddur. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya əməkdaşlığı da həyata keçirilir. Belə ki, İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 milyon dollar investisiya yatırılıb. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin “Holcim” şirkəti, İsveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat kimyəviləri zavodu uğurla fəaliyyət göstərir. Bundan başqa, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə uğurlu əlaqələr mövcuddur. Bu çərçivədə ölkəmizdə 60-dan artıq layihə həyata keçirilib ki, bu da özəl sektorun inkişafı, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və sair kimi sahələri əhatə edir.

Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı sahələrində 60-dan çox İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirən nazir SOCAR-ın İsveçrədə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və İsveçrə yalnız ikitərəfli əsasda deyil, beynəlxalq maliyyə institutlarında da sıx əməkdaşlıq edirlər.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi Ervin Bolinger İsveçrə iqtisadiyyatı, özəl sektorun inkişafı barədə məlumat verib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizlə enerji, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığını vurğulayıb.

Görüşdə Azərbaycan-İsveçrə iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələri üzrə müzakirələr aparılıb.

Arxiv üzrə axtarış