Jan-Rene Furniye: İsveçrə Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır
Oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, O.Əsədov Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyib. Bildirib ki, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında 23 sənəd imzalanıb.
Milli Məclisin sədri bildirib ki, Azərbaycanda əlverişli investisiya mühiti var. 1995-ci ildən bu günədək İsveçrə tərəfindən Azərbaycana 860 milyon dollar həcmində investisiya yatırılıb. Hazırda İsveçrənin Azərbaycanda 60 şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib. Cari ilin yanvar-avqust ayları ərzində bu göstərici 1 milyard 300 milyondan artıq olub.
Qeyd edilib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi ilə ölkəmiz həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilib.
Görüşdə Milli Məclisin sədri vurğulayıb ki, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri parlamentlər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.
Diqqətə çatdırılıb ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, bu münaqişə tezliklə beynəlxalq hüququn normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapacaq.
İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye ölkəmizə ilk səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyıb. Bildirilib ki, İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.
Qonaq İsveçrənin Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrini dəstəklədiyini qeyd edərək, ölkənin müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirib.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova, İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre və digər rəsmi şəxslər iştirak ediblər.