İsveçrə Kantonlar Şurasının sədri Qadın Resurs Mərkəzində olub
İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Bakının Xəzər rayonundakı Qadın Resurs Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verib. O deyib ki, ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq bu cür doqquz mərkəz açılıb. Bu mərkəzlər yeni iş yerlərinin yaradılmasına və xanımların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına böyük dəstəkdir. Azərbaycan dövləti sahibkarlığın inkişafına böyük dəstək verir. Bunun nəticəsində ölkəmizdə qadın sahibkarların da sayı artır. Komitə sədri bu mərkəzə verdiyi maliyyə dəstəyinə görə İsveçrə hökumətinə təşəkkür edib.
Jan-Rene Furniye mərkəzdə fəaliyyət göstərən xanımların təşəbbüslərinin təqdirəlayiq olduğunu bildirib. O deyib ki, buradakı xanımlar öz fəaliyyətləri ilə həm də ölkənin inkişafına töhfə verirlər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov mərkəzdə fəaliyyət göstərən xanımların sayının gündən-günə artdığını bildirin. O qeyd edib ki, bu layihənin daha da inkişafı istiqamətində işlər davam etdiriləcək.
BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti cəmiyyətin çiçəklənməsində qadınların mühüm rolu olduğunu söyləyib. O, Qadın Resurs Mərkəzinin qısa müddətdə əldə etdiyi nailiyyətləri qeyd edib.
Sonra qonaqlar qadın sahibkarların əl işlərinə baxıb, onların hazırladıqları təamlardan dadıblar.