Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsveçrədə siyasi və iqtisadi görüşləri təşkil olunub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4-5 noyabr 2019-cu il tarixlərində İsveçrəyə işgüzar səfər edib.
H.Hacıyev səfər çərçivəsində Hacıyev İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrə Prezidentinin diplomatik müşaviri Terens Billeter, eləcə də Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinqerlə görüşlər keçirib.
Görüşlərdə hər iki tərəfdən Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilmişdir.
İsveçrənin Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə H.Hacıyev qarşı tərəfi Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövrü üçün prioritetləri, Ermənistan rəhbərliyinin danışıqlar prosesinə zərbə vuran son ziddiyyətli bəyanatları kontekstində Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli perspektivləri barədə məlumatlandırmış, AR Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatı, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyində həyata keçirilən islahatlar prosesi ilə yaxından tanış etmişdir.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində keçirilmiş görüşdə Azərbaycanın iştirak etdiyi və həyata keçiridiyi nəqliyyat dəhlizi layihələri, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.