9 Noyabrda Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb
Noyabrın 9-da İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub və mədəniyyətimizin təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. 400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbirdə ölkəmizi Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdlərindən ibarət rəqs qrupu təmsil edib.
Səhnəyə ölkəmizin bayraqları ilə çıxan şagirdlər həmvətənlərimizin Dövlət Bayrağı gününü təbrik edib və qonaqlara uşaqların ifasında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə açılış sözü ilə çıxış edən “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva Dövlət Bayrağı günü, ölkəmizin mədəniyyəti və multikulturalizm dəyərlərimiz haqqında danışıb, göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini ifadə edib. Sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov qonaqlara Qarabağ məktəbi haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn Qarabağ məktəbi artıq ikinci ildir fəaliyyət göstərir. Yarandığı dövrdən diqqət mərkəzində olan məktəbin şagirdləri tez-tez bu ölkədə keçirilən müxtəlif tədbirlərə dəvət alır və iştirak etdikləri yerlərdə ölkəmizi layiqincə təmsil edirlər.