2020-02-13

İsveçrədə diplomatik korpus və rəsmilər Ümumdünya İqtisadi Forumunun Bakı filialı barədə məlumatlandırılmışdır.

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Xəzər hövzəsi regionunun bu ölkədə akkreditə olunmuş səfirlərini və İsveçrə rəsmilərini Ümumdünya İqtisadi Forumunun (WEF) Dördüncü Sənaye İnqilabı Mərkəzinin Bakıda filialının açılacağına dair məlumatlandırmışdır.

Səfir bildirmişdir ki, son iki il ərzində WEF ilə aparılan danışıqlar nəticəsində bu təşkilatla Azərbaycan arasında dördüncü sənaye inqilabı sahəsində intensiv əməkdaşlıq mövcuddur. 2019-cu ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və WEF prezidenti Börge Brende arasında Davosda keçirilən görüşdə Dördüncü Sənaye İnqilabı Mərkəzi və Azərbaycan Hökuməti arasında ilk dəfə əməkdaşlığı rəsmiləşdirən sənədin təntənəli mübadiləsi baş tutmuşdur. 2019-cu il ərzində Əməkdaşlıq Memorandumunun icrası çərçivəsində Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında əməkdaşlıq həyata keçirilmişdir. 

Nəticə etibarilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin Bakı filialının təsis edilməsinə dair Niyyət Protokolu isə 2020-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və WEF prezidenti cənab Börge Brende arasında Davosda keçirilən növbəti görüş çərçivəsində imzalanmışdır. Beləliklə, Azərbaycan bu cür filialların yaradılacağı çox məhdud sayda dövlətlərdən biri olmuşdur. Səfir Xanım İbrahimova həmsöhbətlərinin diqqətinə çatdırmışdır ki, hazırda filialın təsis edilməsi istiqamətində işlər davam etdirilir.

O da vurğulanmalıdır ki, Bakı filialı Azərbaycanın yerləşdiyi Xəzər hövzəsi regionunda təsis ediləcək bu günə ilk mərkəz olacaqdır və bu qurum regional əhəmiyyət daşıyacaqdır. Filial Dördüncü Sənaye İnqilabı Mərkəzinin məşğul olduğu süni intellekt, rəqəmsal ticarət, robotexnika və s. kimi sahələrdə imkan və təhdidləri təhlil etməli, bu sahəni tənzimləyəcək normaların yaradılmasına töhfə verməlidir.

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq Azərbaycanın müasir texnoloji tərəqqi sahəsində nailiyyətlərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyinə dəlalət edir. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini sürətləndirəcək, eləcə də Azərbaycanın regional liderliyinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Arxiv üzrə axtarış