Soloturn şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinə dair kvest keçirilib
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ərsəyə gələn, azərbaycanlıların sıx məskunlaşdığı Soloturn şəhərində fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası” diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov tərəfindən şagirdlərin iştirakı ilə “Xocalı-92” adlı tətbiqi-pedaqoji kvest/simulyasiya oyunu keçirilmişdir.
Kvest Q.Nəsirov tərəfindən BMT-nin təcrünəsinə müvafiq olaraq hazırlanmışdır. Kvest Xocalını tərk etməyə məcbur olan insanların məruz qaldıqları dəhşətləri yaşadan oyun idi. Oyun zamanı iştirakçılar Xocalıdan olan həqiqi insanların ad və soyadlarını götürərək, bu şəxslərin rolunu 2 saat ərzində oynamışlar.
Layihənin ikinci hissəsində şagirdlər bir otağa yığışaraq oyun zamanı yaşadıqları barədə fikirlərini paylaşmışlar. Layihənin sonunda şagirdlər Xocalıda qəddarcasına qətlə yetirilmiş 613 nəfər günahsız Xocalı sakininin ruhunu yad etmək üçün kağızdan göyərçinlər düzəldərək, bu kağızların üzərinə öz fikirlərini yazmışlar. Bu yazılar arasında “bir daha müharibə olmasın”, “bu dəhşət təkrar olunmasın”, “bunu törədənlər insaniyyətdən uzaqdırlar”, “bunu unutmaq olmaz” kimi fikirlər yer almışdır.
Oyun sonrası şagirdlərin öz təəssüratları barədə səsləndirdiyi fikirlər bu layihənin onlara çox güclü təsir etdiyini və Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması sahəsində uğurlu bir layihə olduğunu təsdiq etmişdir.