2020-10-09

Ermənistanın regional nəqliyyat təhlükəsizliyinə yaratdığı təhdid ilə əlaqədar OTIF Baş Katibinə çağırış edildi

Son günlərdə Ermənistan başlatdığı hərbi təcavüz fonunda məqsədyönlü şəkildə Azərbaycanın ərazisində yerləşən beynəlxalq neft-qaz, nəqliyyat layihələri hədəfə alınması nəzərə alınaraq səfir Xanım İbrahimovanın Dəmiryolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatının (OTİF) Baş Katibi Volfqanq Küpper ilə görüşü baş tutmuşdur.

İlk öncə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin neft-qaz kəmərlərinin yanına düşməsi ilə bağlı faktlar barədə məlumat verərək Ermənistanın bu təcavüzkar aktının regional təhlükəsizliyə təhdid olduğunu qeyd səfir X.İbrahimova Azərbaycan ərazisindəki yerli və beynəlxalq əhəmiyyətli dəmiryolu xətlərinin də təhlükədə olmasını diqqətə çatdırdı. Bu xüsusda səfir OTİF tərəfindən Ermənistanın təcavüzkar siyasətinin pislənilməsi üçün çağırış etdi.

OTİF Baş Katibi Volfqanq Küpper Ermənistan və Azərbaycan arasında gedən döyüşlər barədə ciddi narahatçılığını ifadə edərək regionda tezliklə sülhün bərqərar olunacağına ümidvar olduğunu qeyd etmişdir. Bundan əlavə o, Azərbaycanın OTİF üçün regionda çox vacib və strateji ölkə olduğunu qeyd etmiş və ölkəmizin ərazisindən keçən dəmir yollarının təhlükəsizliyinin təmin edilməsinin təşkilat üçün vacibliyini vurğulamışdır.

Sonra qeyd olunmuşdur ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobudcasına pozaraq və növbəti təcavüzə əl ataraq Azərbaycan ordusunun cəbhəyanı bölgələrdə yerləşən mövqelərini intensiv şəkildə atəşə tutmuş və nəticədə mülki əhali və hərbi qulluqçular həlak olmuş, eləcə də mülki obyektlərə ciddi ziyanlar dəymişdir. Ermənistanın hərbi təcavüzünün hələ də davam etdiyini qeyd edən səfir BMT Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq özünümüdafiə prinsipi əsasında Azərbaycan ordusunun ərazilərimizi və əhalimizi qorumaq məqsədilə əks-hücuma keçdiyini və cavab tədbirləri gördüyünü vurğulamışdır.

Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir Paşinyan tərəfindən atılan bu addımlarının, həqiqətə əsaslanmayan və düşünülməmiş bəyanatlarının və son aylarda Ermənistan tərəfindən həm iki ölkə sərhədində, həm də təmas xəttində hərbi təcavüzün başladılması ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir aparılan danışıqları iflic vəziyyətə saldığını V.Küpperin diqqətinə çatdırmışdır.

Sonda səfir işğal edilmiş ərazilərimizin xəritəsi əsasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarın siyasət barədə Volfqanq Küpperə izahedici təqdimat etmişdir.

Arxiv üzrə axtarış