2021-11-10

Cari ilin 9 noyabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində Vətən Müharibəsindəki Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonqları salamlamış, Azərbaycan Respublikasının Dövlət Bayrağı konsepsiyasına əsasən ölkəmizin Zəfər Gününə aparan tarixi yol barədə ətraflı məlumat vermişdir. Səfir qeyd etmişdir ki, regionumuzda və eləcə də dünyada cərəyan edən zamanın mürəkkəb çağırışlarına baxmayaraq Azərbaycan Respublikası gələcəyə doğru inamla irəliləyir, hazırda regionda sülhün və yenidənqurmanın tərəfdarı kimi özünü dünyanın ən sülhpərvər ölkələrdən biri kimi tanıtmış İsveçrə Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək arzusundadır.

Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilmişdir. Proqram Cenevrə Musiqi Konservatoriyasının 13 yaşında olan Azərbaycanlı gənc və istedadlı tələbəsi Ləman Seyidovanın klassik musiqi incisinin ifası ilə başlamış, Azərbaycan Respublikasının Əməkdar Artisti, İsveçrənin dünya şöhrətli Montrö Festivalının qalibi İsfar Sarabskinin rəhbərliyi altında caz triosunun çıxışı ilə davam etmişdir. Konsert proqramı böyük maraqla izlənilmiş, musiqiçilərimizin ustalığı İsveçrə tamaşaçılarını heyran etmişdir.

Tədbirdə Cenevrə və Bern şəhərlərində fəaliyyət göstərən diplomatik korpus üzvləri, İsveçrə rəsmiləri və ictimai xadimləri və Azərbaycan diaspor nümayəndələri iştirak etmişlər.

        

Arxiv üzrə axtarış