2022-04-29

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Fövqəladə və Səlahiyyətli səfiri Fuad İsgəndərov etimadnaməsini Lixtenşteyn Vəliəhd Şahzadəsi Aloisə təqdim edib

Etimadnamələrin təqdim edilməsi mərasimində ilkin görüş Lixtenşteyn Knyazlığının Xarici İşlər, Təhsil və İdman naziri xanım Dominik Hasler ilə baş tutmuşdur. Nazir çıxışı zamanı dünyada baş verən proseslərə diqqət çəkmiş və müharibələrdən qaynaqlanan  mənfi təsirlərlə bağlı narahatçılığını bildirmişdir. O, Lixtenşteynin humanitar yardıma ehtiyacı olan dövlətlərə hər zaman kömək etdiyini bildirmişdir.

Səfir F.İsgəndərov öz növbəsində Lixtenşteyn tərəfinin narahatçılığını başa düşdüyünü qeyd etmiş və ölkəmiz tərəfindən göstərilən beynəlxalq humanitar yardımlarla bağlı müqabil tərəfi məlumatlandırmışdır.

Görüş zamanı etimadnamənin nüsxəsi D.Haslerə təqdim edilmiş və söhbət əsnasında Azərbaycan Respublikasının xarici siyasəti haqqında geniş məlumat verilmişdir. Müqabil tərəfin diqqətinə regionda baş verən sonuncu sülh təşəbbüsləri ilə bağlı məlumat çatdırılmışdır.

Görüşün sonunda səfir F.İsgəndərov D.Hasleri ölkəmizə səfər etməyə dəvət etmiş və Lixtenşteyn kimi sülh sevər dövlətin rəsmilərinin regionumuza səfərinin sülh proseslərinə öz töhfəsini verə biləcəyini qeyd etmişdir.

Daha sonra Lixtenşteyn Vəliəhd Şahzadəsi Aloisə etimad məktubunun əsl nüsxəsi təqdim edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamları çatdırılmışdır. Şahzadə Alois salamları məmnuniyyətlə qəbul etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş etmişdir.

Görüşdə dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.

Şahzadə Aloisin suallarına cavab olaraq səfir F.İsgəndərov ölkəmizin xarici siyasəti və Cənubi Qafqazda sülhə yönəlmiş atdığı addımlar barəsində ətraflı məlumat vermişdir.

Arxiv üzrə axtarış