Səfir X.İbrahimova “Presence Switzerland” təşkilatının rəhbəri səfir Nikolya Bido ilə görüşmüşdür
2017-ci il noyabrın 8-də səfir X.İbrahimova İsveçrə Federal Xarici İşlər Departamentinin (FXİD) nəzdində fəaliyyət göstərən “Presence Switzerland” təşkilatının rəhbəri səfir Nikolya Bido ilə görüş keçirmişdir.
Görüşdə X.İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etməyə namizədliyi və seçilmiş mövzunun üstün cəhətləri barədə müqabil tərəfə ətraflı məlumat vermişdir.
Öz növbəsində, N.Bido İsveçrənin namizədlərlə bağlı mövqeyinin müəyyən edilməsi prosedurası barədə ətraflı məlumat vermiş və öz təcrübəsindən çıxış edərək, Bakının namizədliyi, o cümlədən, təklif olunan mövzu, cəlb ediləcək özəl sektor nümayəndələri, Bakıya xarici ziyarətçilərin cəlb edilməsi, sərgidən sonra sərgi keçirilən yerin gələcək istifadəsi və s. barədə öz şərhlərini vermişdir.
X.İbrahimova qeyd olunan məqamlarla bağlı mövqeyimizi müfəssəl şəkildə müqabil tərəfə izah etmiş, eyni zamanda, Bakının qeyd olunan məqamlar üzərində ciddi çalışdığını, sərginin Bakıya həvalə ediləcəyi halda, onun ən yüksək səviyyədə təşkil ediləcəyini bildirmişdir.
Tərəflər qeyd olunan mövzuda dialoqu davam etdirməyi razılaşmışlar.