2018-05-01

Bern şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

2018-ci il 1 may tarixində İsveçrənin paytaxtı Bern şəhərində bu şəhərin meriyası, Bern kantonu və bələdiyyəsinin birgə təsisçisi olduğu “Polit-Forum-Bern” assosiasiyasına məxsus tarixi binada Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” (AİMM) tərəfindən təşkil olunmuşdur. Tədbirdə yerli ictimaiyyət nümayəndələri, o cümlədən İsveçrədə yaşayan soydaşlarımız iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Azərbaycan Xalq Cumhuriyyətinin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafı üçün əhəmiyyəti barədə ətraflı danışmışdır. O, Cumhuriyyətin qurulmasına aparan keşməkeşli yola toxunaraq, xüsusilə 1918-ci ilin mart-aprelində Azərbaycanlılara qarşı törədilmiş soyqırıma diqqət çəkmiş və bir neçə gün ərzində təkcə Bakıda erməni daşnakları tərəfindən minlərlə soydaşımızın amansızlıqla qətlə yetirildiyini bildirmişdir.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində böyük bir təhlükə ilə üz-üzə qaldığını söyləyən Səfir, bu təhlükənin ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qaldırıldığını diqqətə çatdırmışdır. O, mayın 10-da Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünün qeyd ediləcəyini deyərək, onun rəhbərliyi ilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsinin Azərbaycanın sonrakı inkişafının təməlini qoyduğunu bildirmişdir.

Səfir çıxışında, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın nailiyyətləri, ölkəmizin təşəbbüskarı olduğu regional enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat vermiş, eləcə də Azərbaycanın mötəbər idman yarışları və beynəlxalq tədbirlərə, o cümlədən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumuna ev sahibliyi etməsinə diqqət çəkmişdir.       

Səfirdən sonra Bern Universitetinin Hüquq fakültəsinin tələbəsi Ugudey Nəsirov çıxış edərək, İsveçrə Kofederasiyasının qanunvericiliyində soyqırım anlayışını təhlil edərək, 1918-ci ilin martında erməni daşnaklarının Azərbaycanlılara qarşı törətdiyi cinayəti soyqırım kimi xarakterizə etmişdir.

AİMM-in rəhbəri Qasım Nəsirov isə çıxışında ermənilərin Cənubi-Qafqaz regionuna köçürülməsi tarixinə toxunmuşdur. O, müxtəlif dövrlərə məxsus xəritələri tədbir iştirakçılarına nümayiş etdirərək, Ermənistan adlı toponimin Cənubi Qafqazda mövcud olmadığını sübut etmiş, ermənilərin regiona Gülüstan və Türkmənçay müqavilələri nəticəsində köçürüldüyünü vurğulamışdır.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirin sonunda qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət təşkil edilmişdir.

Arxiv üzrə axtarış